Kitabdan kinoya | Bəxtsiz `Anna Karenina`

Kitabdan kinoya | Bəxtsiz  `Anna Karenina`
  28 Noyabr 2013    Oxunub:10808
Bir insan faciəsinin bir yazarın daxili dünyasına nüfuz etməsi böyük hadisədir. Lev Nikolayeviç Tolstoy qonşusu və dostu Bibikovun sevgilisi, intihar etmiş Anna Piroqovanın vağzalda, qatar relsləri arasında sıxılıb parçalanmış cəsədini görərkən bu zavallı qadının yaşadıqlarını necə yaxından duymuşdusa, sonralar “Anna Karenina” əsərini yazmışdı.
Kitabda:

Obrazların daxili aləminə nüfuz etmək, onların ən gizli hisslərini, düşüncələrini incələyə bilmək, əsəri əsər kimi deyil, sanki bir həyat parçası kimi yaratmaq Tolstoy yaradıcılığının ən cəlbedici cəhətidir. Dostoyevski “Anna Karenina” haqqında ilk rəyi belə yazmışdı: “Anna Karenina, dövrümüzün Avropa ədəbiyyatındakı bənzər əsərlərindən heç biri onunla müqaisə edilə bilməyəcək qədər qüsursuz, mükəmməl və ölümsüz bir sənət əsəridir”.

“Anna Karenina” əsəri haqqında ilk təssüratım yazıçı Elçinin fikirlərilə yaranmışdı: “İlk dəfə `Anna Karenina`nı oxuyanda Tolstoyun bu qadını dəruni bir məhəbbətlə sevdiyinə inanmışdım. İkinci dəfə oxuyanda da bu fikrimdə qalmışdım. Üçüncü dəfə oxuyanda isə anladım ki, Tolstoy nəinki bu qadını sevmir, hətta ona gizli bir nifrət bəsləyir. İş ondadır ki, Tolstoy nə qədər azad yazsa da, bəzi komplekslərdən azad deyil”.

Bu sözlər məndə Anna Kareninaya qarşı maraq yaratmışdı. Çünki bir yazarın yaratdığı obrazı sevib, nifrət etməsi arasındakı uzaq məsafənin qarışıq salına biləcəyi qədər soyuq yaza bilməsi çox qəribə idi. İlk əsərini oxuduqdan sonra duydum ki, Tolstoyu oxumaq, onun qəhrəmanlarını tanımaq həyatı, insanları tanımağa, kəşf etməyə bənzəyir. Ətrafındakı insanlarda olduğu kimi, Tolstoy qəhrəmanlarını da eləcə addım-addım kəşf edə bilirsən. İkinci dəfə oxuyanda daha çox agah olursan. Bu kəşfetmə həyatdakı kəşfetməyə o qədər çox bənzəyir ki, əsəri oxuyarkən bənzərsiz zövq yaşayırsan.

Saxta kübarlığın hələ yıpratmadığı, sındırıb öz içində əridə bilmədiyi, səmimiyyəti, sevgisi, incəliyilə gözəl qalmağı bacaran Annanın faciəsi elə bir faciədir ki, qurtuluşu görünmür. Bir anlıq insan olmanın, sevmənin gözəlliyini yaşayan Annanın atıldığı fırtınanın sonu nifrət, kin və qisasdır. Şoloxov dediyi, qarşısına çıxan hər şeyi didib parçalamağa hazır gecikmiş qadın məhəbbətiylə sevən Annanın ilk faciəsi sevgisindən, sevdiyindən başqa ətrafında heç nəyin və heç kəsin qalmaması faciəsiydi.

Kinoda:

“Anna Karenina” ən çox ekranlaşdırılan əsərlərdən biridir. Bütövlükdə 30 dəfə ekranlaşdırılıb. İlk dəfə Alman imperiyasında 1910-cu ildə səssiz film çəkilib. Sonuncu dəfə isə İngiltərədə rejisor Co Rayt tərəfindən Anna Karenina rolunda Kira Naytli olmaqla ekranlaşdırılıb.

Filmlər arasında ən məşhur olanların sırasında rejissor Bernard Rouz tərəfindən 1997-ci ilin Amerika çəkimi, Rejissor Devid Bler tərəfindən 2001-ci ilin İngiltərə çəkimi, rejissor Sergey Solovyov tərəfindən 2008-ci ilin Rusiya çəkimi, rejisor Co Rayt tərəfindən 2012-ci il İngiltərə çəkimi gösərilə bilər.

Əsərdəki təbii, canlı, real obrazlar demək olar ki, filmlərin heç birində duyulmur. Amerika və İngilətərə çəkimlərinə quru, soyuq, cansız Hollivud ruhu hakimdir. Sanki bu soyuq Hollivud personajları zorla Anna Karenina, Levin, Stiva olmaq məcburiyyətində qalıblar. Ya da sadəcə məşhur bir ssenarini yenidən oynamaq məcburiyyəti hiss olunur. Sanki aktyorlar personajlara ancaq kostyumlarıyla bənzəməyə çalışırlar.

Bu filmlərə baxanda nəinki uğursuz aktyor seçiminə, hətta obrazların yarımçıq ifadəsinə görə özünə belə bir sual verirsən: Doğrudanmı, onlar belə düşünür ki, Anna Karenina budur?..
Qəribədir ki, hər filmdə hər hansı eyni səhnənin ifadəsi o qədər bir-birindən fərqli, o qədər sapmış şəkildədir ki, hər rejisor tərəfindən necə başa düşülübsə o cür anladılır, olduğu kimi yox. Co Rayt öz filminə teatral görkəm verməklə filmi daha fərqli, orijinal görünüşə gətirmək istəsə də, bu, ancaq zahiri bəzək-düzək səviyyəsində bir şey olaraq qalıb.

Hollivud ruhlu filmlərdən sonra “rus ruhunu yəqin ki ancaq rus anlaya bilər” deyib, rus filmlərilə tanış olduqda da bir yenilik müşahidə etmirsən. Fərqlilik duyulur, bəlkə də rus ruhu da duyulur, amma Tolstoy ruhu heç cür hiss olunmur. Hanı o içsəl, duyğulu, canlı Anna... - deyə daha bir sual yaranır. Bu filmlərdə nəinki Annaya, Levinə, Vronskiyə, heç Dolliyə də, Stivaya da rast gələ bilmirsən. Olsa–olsa epizodik surətlər bir az uğurlu alınıb. Bu da ondan doğur ki, həmin surətlərin daxili dünyası əsərdə o qədər də geniş anladılmayıb.

Rejisor Sergey Solovyovun çəkdiyi variantda qəhrəmanların daxili monoloqları yaxşı düşünülüb. Bu monoloqlar əsərdəki mürəkkəb emosiyaları, sarsıntıları, münasibətləri açmaq üçün gərəkli açar rolunu oynaya bilərdi. Amma heyif ki, personajlar sönük, xarakterlər yarımçıq olaraq qalıb.

Doğrudanmı, Tolstoy nəhəngliyi onu ikinci dəfə ifadə etməyə bir yer qoymur? Bəlkə elə buna görə Tolstoy filmlərə inanmamaqda haqlı imiş?
Nəticə üçün tələsməyin.

Ən uğurlu “Anna Karenina” yəqin ki, Aleksandr Zarxinin 1967-ci ildə çəkdiyi filmdir. Filmdə Annanın daxili dünyası və Vronski, əri, oğlu ilə münasibətlərinin görünməyən tərəfləri mümkün qədər tamaşaçıya çatdırılır. Düzdür, iki saatlıq filmin vaxt çərçivəsinə sığışmaq üçün rejissor bəzi ikinci dərəcəli süjet xəttlərini buraxıb, amma Annanın ərinə xəyanətinin gizli mənəvi mexanizmlərini mümkün qədər göstərməyə çalışıb. Tatyana Samoylova və Vasili Lanovoyun aktyor işləri də yüksək səviyyədədir. Onlar qəhrəmanlarının daxili təlatümlərini çatdıra bilirlər. Ona görə də, biz məhz bu filmi ən yüksək qiymətə layiq görürük. Təbii ki, kitabdan sonra.

Sevinc Hacıyeva
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti